BİZNES

31 Mart

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşa bilər

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə dəyər itirməkdə davam edir. Martın əvvəlində 1 ABŞ dolları almaq üçün 7,3 ödəmək lazım gəldiyi halda, indi bu məbləğ 8,26 lirəyə çatıb.Bu o deməkdir ki, lirə son bir ayda 13 faiz ucuzlaşıb.

Fins.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov Türkiyədəki son iqtisadi prosesləri təhlil edərkən bildirib ki, qardaş ölkədə inflyasiya səviyyəsi 15,6 faiz yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir: “Bütün bunlara rəğmən, son illər Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyənin ixracatının həcmi 169,5 milyard dollar olub və son 4 ildə 18,8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib”.

Lirənin ucuzlaşmasının Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir göstərmədiyini deyən V.Bayramov bunun Türkiyədən idxalı artıra biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub.

Son illər Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrində artım tendensiyasının müşahidə olunduğunu deyən millət vəkili 2019-cu ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci illə müqayisədə isə 73 faiz artdığını qeyd edib: “Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb”.

V.Bayramov vurğulayıb ki, lirə dəyər itirməkdə davam edərsə və Türkiyədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, Azərbaycanda da Türkiyə malları ucuzlaşa bilər.