BİZNES

09 Fevral

Azərbaycanda ərzaqların qiyməti və infilyasiya açıqlanıb-RƏSMİ

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,3 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə,  2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz artıb.

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz artıb.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,5 faiz yüksəlib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib.