BİZNES

28 Yanvar

Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə bu müəssisələrin yaradılmasına maraq göstərir

Qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və post-pandemiya dövrü ilə bağlı müzakirələr aparılıb

Fins.az xəbər verir ki, sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına və bu sektora investisiya qoyuluşuna böyük maraq göstərir. Bu barədə yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Orxan Məmmədov qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb. “İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir” – deyə Orxan Məmmədov vurğulayıb.

KOBİA sədri həmçinin pandemiyanın ictimai iaşə sektoruna da təsirsiz ötüşmədiyini, hökumət tərəfindən müxtəlif dəstək mexanizmləri vasitəsilə biznesin qorunması istiqamətində aktiv tədbirlərin hazırda da davam etdirildiyini vurğulayıb. Post müharibə dövründə və post-pandemiya ərəfəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə keçirilən bu forum aktual müzakirələr üçün və dövlət-biznes dialoqu üçün əhəmiyyətli platformadır.

Onlayn forumda həmçinin, qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar onlayn formatda təşkil olunmuş foruma İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, qida idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) və biznes assosiasiyalar qatılıb.