BİZNES

21 Yanvar

Qazaxıstan Azərbaycan pomidorlarında virusun aşkarlandığı barədə Rusiyaya məlumat verib

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan pomidorlarında qəhvəyi qırış virusunun aşkarlanması səbəbindən gətirilməsinə qoyulan qadağa barədə Rusiyanın Rosselxoznadzorunu məlumatlandırıb.

Fins.az "Rosselxoznadzor"-a istinadən xəbər verir ki, quruma ünvanlanan sənəddə, bu ilin 2 və 12 yanvar tarixlərində Azərbaycandan Qazaxıstana gətirilən tərəvəzlərin Azərbaycanın müvafiq qurumu tərəfindən verilən fitosanitar sertifikatları ilə müşayiət olunduğu bildirilir.
Məhsulda virusun aşkarlanması Qazaxıstanın "Respublika Bitki Karantin Mərkəzi" dövlət müəssisəsi tərəfindən təsdiqlənib. Bununla əlaqədar Qazaxıstanın səlahiyyətli qurumu 16 yanvardan etibarən Azərbaycandan ölkəyə pomidor tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiyanın səlahiyyətli qurumu Qazaxıstandan pomidor və bibər idxalına dair məhdudiyyətlər tətbiq edib. Buna cavab olaraq Qazaxıstanın Ticarət və İnteqrasiya naziri Baxıt Sultanov qadağanın aradan qaldırılmadığı təqdirdə Qazaxıstan tərəfinin də Rusiya mallarına qarşı eyni tədbirlərin görüləcəyini bildirib.