BİZNES

19 Yanvar

Ölkədə sarsılmış biznes

Toy industriyası Azərbaycanda spesifik biznes sahəsi kimi tanınır. Məhz bizim ölkəmizdə toy çoxşaxəli industriya kimi gəlirli biznes sahəsinə çevrilib. Toyla bağlı bir çox biznes sahələri formalaşıb və bu bizneslərdən çoxsaylı insalar  gəlir əldə edir.Hazırda Azərbaycan 5000-dən çox şadlıq sarayı fəaliyyət göstərir ki,həmin şadlıq saraylarında da kifayət qədər insan işləyir. Karonavirus pandemiyası ilə bağlı bir çox biznes sahələri kimi şadlıq sarayları da fəaliyyətini dayandırmalı olub. Bu da çoxsaylı insanların işsiz qalmasına və bu biznes sahəsinin tənəzzülə uğramasına səbəb olub. 

Vaksinasiyanın aparılması fonunda virusa gündəlik yoluxmalar aşağı düşərsə  toy mərasimlərinin başlamasına icazə verilə bilərmi?

Fins.az mövzu ilə bağlı şadlıq evlərinin  münasibətini öyrənib. Ümumi olaraq qeyd edildi ki, toyların keçirilməsini onlar uzun müddətdir ki, gözləyirlər və son 10 gün ərzində bununla bağlı canlanma var.

"Gilavar" şadlıq sarayından bildirilib ki, vaksinasiya prosesinin başlamasından və yoluxma sayının aşağı düşməsindən sonra insanlar mart ayından toyların başlayacağını düşünürlər: "Toylar olmaldır. İnsanlar toy tarixlərini bir ildir ki, təxirə salaraq indiki vaxta çatıblar. Uzun müddətdir ki, toylar keçirilmir. İşçilərimiz də bu mərasimlərin keçirilməsini gözləyir. Toyla bağlı bütün sahələr hazırda donub, müştərilərimiz toyların başlamasını istəyir. Biz onlara təklif edirik ki, evinizdə 8-10 nəfərlə qeyd edə bilərsiniz. Ancaq insanlar deyirlər ki, bu, bizim arzumuzdur, övladımıza təmtəraqlı toy etmək istəyirik. Hər gün bizə müraciətlər olur. Hətta bəzən buna görə bizi qınayırlar".

“Şərq Saray” şadlıq sarayından isə bildirildi ki, son günlərdə toyların keçirilməsi ilə bağlı müraciətdə bir qədər canlanma var: "İnsanlar toyların keçirilməsi ilə bağlı qərarı böyük səbirsizliklə gözləyirlər. Bir ilə yaxındır ki, biz də gözləyirik. Heç bir gəlir yoxdur. Hər şeyi öz cibimizdən edirik. Son 10 gün ərzində bizə toyların keçirilməsi ilə bağlı müştərilər müraciət edir. Hazırda bir qədər canlanma var. Amma onlar da ümidsizdir. Biz fikirləşirik ki, bu il toylar Ramazan bayramından sonra olar. Ona görə də may ayını nəzərdə tuturuq".