BİZNES

07 Dekabr

Müşviq Məmmədov: \"Pandemiya zamanı həyatda və işdə təhlükəsizlik\" adlı pulsuz bir modul başlatdıq

Bakı, 7 dekabr Fins.az

Fins.az “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun 2020-ci ilin yekunları ilə bağlı müsahibəsini təqdim edir.

2020-ci ilin sonu üçün şirkətin fəaliyyətini necə qiymətləndirirsiniz və ümumiyyətlə pandemiya biznesinizin inkişafına necə təsir göstərib? Hər hansı bir plan təxirə salınıbmı? Şirkət zərərlərini 2021-ci ildə qısa müddət ərzində necə bərpa etməyi planlaşdırır ?

 -Bu il hər kəs üçün çox çətin keçdi. Qeyri-adi yaşayış və iş şəraiti digər şirkətlər kimi bizi də bir çox prosesi yenidən qurmağa məcbur etdi. Kaspersky-də daxili dəyişikliklər olduqca rahat keçdi. Şirkət yeni reallıqda fəaliyyət göstərmək üçün özünü effektiv şəkildə yenidən qurdu və bu il Kaspersky üçün çox məhsuldar oldu. Çətin anlarda, mütəxəssislərimiz müştərilərə kömək etdi, məsləhət və texniki dəstək verdi. Məhsullarımızın ekosistemi, böyük şirkətlər, o cümlədən mürəkkəb təhdidlərdən qorunmaq üçün fəal inkişaf etdi.

2021-ci ildə, böyük müəssisələr üçün həll və xidmətlər seqmentlərindəki mövqelərimizi gücləndirmək və "non-endpoint" kateqoriyasını inkişaf etdirmək üçün çalışmağa davam edəcəyik.

Karantin, xüsusən də gerçək dünyanın internetə keçidi fonunda, kiber təhlükəsizlik vəziyyətinə necə təsir etdi? Kiber hücumlar (hansı) nə qədər artdı  və şəbəkə təhlükəsizliyini yaxşılaşdırmaq üçün hansı tədbirlər görülür və görüləcəkdir?

 -Bu il, kiber təhlükəsizlik məsələlərini kəskin şəkildə aktuallaşdırdı. Bütün həyat onlayn məkana keçdi və təqaüdçülərdən tutmuş korporativ rəhbərlərə qədər hər kəs rəqəmsal dünyada necə qorunmaq barədə düşünürdü. İT məsələlərinə hər zaman kompleks yanaşma tətbiq edən təhlükəsizlik xidmətləri üçün, bu, daha asan idi. Ancaq buna hazır olmayan şirkətlər bir çox çətinlikləri dəf etməli idilər.

Kiber cinayətkarlar üçün isə iş şərtləri demək olar ki, dəyişməz qaldı və həm istifadəçilərə, həm də şirkətlərə fəal şəkildə hücum etdilər. Hədəfini sıravi istifadəçilərdən biznesə dəyişən ransomware (fidyə proqramları) tərəfindən edilən hücumlar bu il, xüsusilə böyük səs-küyə səbəb oldu.

Xoşbəxtlikdən bir çoxları kiber təhlükəsizlik məsələlərinə məsuliyyətlə yanaşdılar və bu gün dünya bir az daha etibarlıdır. Şirkətlər mövcud təhlükə mənzərəsini nəzərə almağa başladılar və kiber hadisələrin risklərini minimuma endirmək üçün lazımi həlləri tətbiq etdilər. Araşdırmamıza görə, informasiya təhlükəsizliyinin inkişafına qoyulması planlaşdırılan vəsaitlərin İT büdcəsindəki payı artıb. Müəssisə rəhbərlikləri təhlükəsizliyi işin vacib bir hissəsi kimi qiymətləndirilməyə başlayıb: aydın oldu ki, abstrakt tələbləri rəsmi şəkildə yerinə yetirmək yetərli deyil, kiber müdafiəyə kompleks yanaşma da vacibdir.

2020-ci ildə istifadəçilər üçün xüsusi (karantin) məhsullar hazırlanıbmı və əgər varsa, hansılardır? 

 -Kaspersky məhsul portfelinə, hətta sürətlə dəyişən bir mühitdə belə kiber təhdidləri dəf etməyi mümkün edən həllər daxildir. Ancaq bir çox şirkət böyük çətinliklərlə qarşılaşdı, buna görə bir sıra "karantin" tədbirləri tətbiq etdik. İkinci rübdən etibarən daha həssas iş seqmentlərinə fəal şəkildə kömək etməyə başladıq. Mart ayından bəri, həllərimizi pulsuz və ya güzəştli şərtlərlə təqdim edən bir neçə təşəbbüs başlatdıq. Bunlardan ən geniş əhatəlisi tibb müəssisələrinə və kiçik müəssisələrə pulsuz lisenziyaların verilməsidir. Ayrıca, Kaspersky Security Awareness proqramının bir hissəsi olaraq, internet istifadəçilərinin rəqəmsal savadlarını artırmalarına və uzaqdan iş rejiminə etibarlı şəkildə uyğunlaşmalarına kömək etmək üçün, "Pandemiya zamanı həyatda və işdə təhlükəsizlik" adlı pulsuz bir modul başlatdıq.

Kaspersky-nin Azərbaycandakı fəaliyyətini necə qiymətləndirirsiniz? Azərbaycan istifadəçilərinə qarşı xüsusi hücumlar varmı? Azərbaycanda əsasən hansı sektorlar kiber hücumların hədəfindədir və korporativ sektorda şəbəkə təhlükəsizliyinin səviyyəsini necə qiymətləndirirsiniz?

 -İl ərzində müştərilərimiz və tərəfdaşlarımızla fəal əməkdaşlıq etmişik. Xatırlamaq vacibdir ki, kiberhücumlar üçün sərhəd yoxdur, bu səbəbdən də Azərbaycan istifadəçiləri dünyadakı bütün insanlarla eyni təhdidlərin hədəfində olur. Bu il, bir çoxları fişinq hücumları, bank troyanları, kripotqraflar, reklam proqramı və s. tərəfindən hədəfə alındı. Hədəfli hücumlarla bağlı xəbərlər də var idi, məsələn, MuddyWater.

Azərbaycanın korporativ sektoru öz infrastrukturunun və istifadəçilərinin kiber mühafizəsini təmin etməyə çox böyük məsuliyyətlə yanaşır. Bir çox təşkilatlar artıq təkcə kompüterləri və serverləri qorumaq üçün deyil, həm də kompleks hücumları dəf etmək üçün sistemlər quraşdırıb.