BİZNES

03 Dekabr

2020-ci ildə hansı tədbir və kampaniyaları həyata keçirib?- HESABAT

Bakı, 3 dekabr Fins.az
2020-ci ildə Bakcell şirkəti bir sıra mühüm sosial layihəni uğurla həyata keçirib.

Bakcell ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinə qoşulan ilk şirkətlərdən olub. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində Bakcell ölkənin bütün regionlarında geniş miqyaslı marketinq və Korporativ Sosial Məsuliyyət tədbirlərini həyata keçirib.

Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.

Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürdülər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuz təmin edilib. Həmçinin, Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib. Bakcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib. Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət “Asan Xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.

Bundan əlavə, Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib. Ötən həftə Şirkət əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və Bakcell adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib.

Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan Böyük Vətən Müharibəsi dövründə Bakcell şirkəti Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində dəstək göstərib.

2020-ci ilin oktyabr ayında Bakcell şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı. Bərdədəki bütün Bakcell abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib.

İl ərzində həyata keçirilmiş sosial layihələr sırasında Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyasını da qeyd etmək olar. Coca-Cola”, Bakcell, PASHA Bank, “Carlsberg”, “AzEcol” şirkətləri, ASAN Xidmət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan aksiya Bakının 20 müxtəlif çimərliyində baş tutub. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası da var. Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə qayğını təbliğ edilməsi məqsədilə həyata keçirilən tədbir çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan və Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib. Sosial məsafənin qorunmasını təmin etmək üçün bu dəfə təmizlik aksiyasında iştirak edən könüllülər 10 nəfərdən ibarət kiçik qruplara bölünərək fərqli məkanlarda təmizlik işləri aparıblar. Nəticədə 5 min ton həcmində tullantı toplanaraq təkrar emala və utilizasiyaya yönləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq sahilyanı təmizlik aksiyasının bütün iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunub. Sosial məsafənin qorunması ilə yanaşı ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunub.  Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ki ardıcıl olaraq bu aksiyada iştirak edir.

Bu il Bakcell, ENGINET şirkəti və partnyorları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəsmi mobil tərəfdaşı olub. “Virtual təhsilə dəstək” layihəsinin məqsədi Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Belə ki, Bakcell “Virtual təhsilə dəstək” layihəsində iştirak edən minlərlə müəllim üçün xüsusi tarif hazırlayıb. Bu tarifdən istifadə edən müəllimlər pulsuz mobil nömrə əldə edərək ayda cəmi 5 manat ödəməklə öz həmkarları ilə pulsuz danışacaq, həmçinin ayda 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə qazanacaqlar. Bu və digər oxşar layihələrə dəstək göstərməklə Bakcell şirkəti Azərbaycanda rəqəmsallaşma prosesinə öz mühüm töhfəsini verir.

Həmçinin qeyd edək ki, bu il Bakcell şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə “Milli KSM Mükafatı 2019″ mükafatına layiq görülüb. “Bakcell”in 2010-cu ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi “Milli KSM Mükafatı 2019″ ilə təltif olunub. Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il “Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ ilə təltif olunub.

Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” adlı korporativ sosial məsuliyyət proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə qoyulmuş “Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər minlərlə insanı əhatə edib.