BİZNES

17 Noyabr

Azərbaycanda oktyabrda mobil internetin sürəti azalıb, sabit internetin sürəti artıb

Bakı, 17 noyabr Fins.az

Bu ilin oktyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,45 Mbit/s-ə təşkil edib.

Fins.az "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 10,4% azalıb.

Oktyabrda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti sentyabr ayının göstəricisi ilə müqayisədə 9,3 azalaraq 14,58 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 39,18 Mbit/s və 11,63 Mbit/s təşkil edib.

Oktyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 5 pillə geriləyərək 65-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (145,03 Mbit/s), BƏƏ (129,61 Mbit/s) və Çin (124,39 Mbit/s) daxil olub.

Reytinqə əsasən, oktyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 27,83 Mbit/s, çıxış sürəti isə 29,71 Mbit/s təşkil edib. Bu göstəricilər avqust ayı ilə müqayisədə müvafiq olaraq 18,5 və 17,8% artıb.

Oktyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 175 ölkə arasında 7 pillə irəliləyərək 104-cü yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (229,42 Mbit/s), Honkonq (215,19 Mbit/s) və Rumıniya (188,55 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 87,84 Mbit/s və 47,16 Mbit/s olub.

(c)APA