Bakı, 12 noyabr Fins.az
KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı istifadəyə verilib
Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.
www.kobim.az saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.
Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcəkdir.