“Elektron Ticarət Mərkəzi”-nin ilkin maliyyə dəstəyi ilə Azərbaycanda sahibkarlığın və iqtisadi inkişafın, o cümlədən elektron sahibkarlığın və elektron kənd təsərrüfatının inkişafının dəstəklənməsi, beynəlxalq ticarətin gücləndirilməsi, ixrac imkanlarının artırılması üçün sənayə və kənd təsərrüfatına aid iki Elektron Ticarət B2B platforması yaradılıb.
Fins.az xəbər verir ki, bunlar sənayə məhsullarının, avadanlıq və texnikanın topdan satışı üçün yaradılan – www.b2bask.az, kənd təsərrüfatı və qida məhsullarının topdan satışı üçün yaradılan www.b2bagro.az – ilk milli və beynəlxalq Elektron Ticarət Platformalarıdı.
Platformaların fəaliyyəti ilkin mərhələdə Azərbaycan və keçmiş MDB ölkələrini əhatə edəcək. Bu baxımdan hal-hazırda platformalar azərbaycan və rus dilində yaradılıb. Yaxın gələcəkdə hər iki platformanın ingilis və türk dilində versiyaları hazırlanacaq. Buda sahibkar və şirkətlərin bir çox ölkədə satış və ixrac imkanlarını genişləndirəcək.
Hər iki platforma yerli və xarici sahibkar və şirkətlərə yeni imkanlar yaradacaq və xidmətlər təklif edəcək. Noyabr ayından başlayaraq sahibkarlar və şirkətlər öz məhsullarını Platformada yerləşdirə biləcəklər. Sahibkar və şirkətlər 10-20 adda məhsulu tam pulsuz yerləşdirmək imkanı əldə edəcəklər. Onlar təklif olunan 4 əməkdaşlıq paketdən birini seçib, Platformaların bütün imkanlarından bəhrələnəcəklər.
Həmçinin, bu layihələrin uğurlu icrası və genişlənməsi üçün İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq agentlikləri və xidmətləri, KOB və Innovasiyalar Agentlikləri, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər işgüzar birliklər, Azexport.az portalı və mövcud assosiasiyalarla yaxından əməkdaşlığın edilməsi planlaşdırılır.