BİZNES

04 Noyabr

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı sentyabr ayı ilə müqayisədə 29,2% azalaraq 565 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən  verilən məlumata görə, oktyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,5%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, oktyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 7 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 13 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 4 296 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,1%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 203 hesabat təqdim edilib. Yanvar-oktyabr ayları ərzində Azərbaycanın internet seqmentində 39 domen və 119 subdomen qeydiyyata alınıb.

© APA