Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhini təqdim edir
Ermənistandakı iqtisadi artımın azalması fonunda, özəl və dövlət gəlirlərinin azalması maliyyə və xarici sektordakı dayanıqsızlıqları gücləndirir. Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər - büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsirin orta və uzunmüddətli perspektivdə davam etməsi gözlənilir.
Büdcə kəsri. Bu ilin ikinci rübündə baş verən kəskin iqtisadi daralma (13,7%), pandemiya və Qarabağ müharibəsi ölkənin maliyyə balansına mənfi təsir edib və ümumi dövlət borcunu yüksək trayektoriyaya qaldırıb.
Büdcə gəlirləri planlaşdırılan göstəricilərdən xeyli uzaqlaşıb. Bu, daha çox 2020-ci ilin yanvar-avqust aylarında gömrük rüsumu və mənfəət vergilərinin keçən illə müqayisədə 6% azalması ilə əlaqədardır. Yenidən müəyyən edilən rəsmi proqnozlara əsasən, hərbi və səhiyyə xərcləri artarkən, ÜDM və vergi gəlirləri 6.8% azalacaqdır.
Adambaşına düşən yoluxma nisbəti olduqca yüksək olan Ermənistanda fiskal balans pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənir. Digər region ölkələrində olduğu kimi, pandemiya ilə bağlı 2020-ci ildə dövlət büdcəsindən dəstək həyata keçirilib ki, bu da ÜDM-nin təxminən 4%-i həcmindədir. COVID-19 pandemiyası başlamazdan əvvəl 2020-ci ildə ümumi dövlət xərclərinin 10% həcmində olması proqnozlaşdırılan səhiyyə xərclərinin indi daha yüksək olması gözlənilir.
Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində hərbi xərclər də artırılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, ölkə hər il ÜDM-nin təxminən 5%-i həcmində vəsaiti hərbi sahəyə xərcləyir (“Global Fire Power”-a əsasən 10%). Zəif fiskal multiplikasiya effektinə malik olan bu xərclər ölkədəki mövcud hərbi vəziyyətdən asılı olaraq arta bilər ki, bu da Ermənistandakı infrastruktur investisiyaları və sosial xərclər üçün maliyyə imkanlarını daha da daralda bilər.
Pensiya islahatlarına baxmayaraq, Ermənistanda pensiya sistemi qeyri-effektiv olaraq qalır və büdcə kəsirinə əlavə təzyiq yaradır. Aşağı məhsuldarlıq, yaşlanan əhali və yüksək miqrasiya əmsalı bu problemi daha da dərinləşdirir. BMT-nin göstəricilərinə əsasən, Ermənistanda 2020 və 2050-ci illərdə iqtisadi aktiv olmayan yaşdakı yaşlıların iqtisadi aktiv yaşda olan şəxslərə nisbəti əmsalının müvafiq olaraq 17,5% və 34,3% olması gözlənilir. Avropa Birliyi ölkənin pensiya sisteminin maliyyə dayanıqlılığının 2020 və 2050-ci illər arasında ÜDM-in 4.6%-i nisbətində pisləşəcəyini proqnozlaşdırır. Gənclərin Ermənistandan mühacirəti bu problemi daha da dərinləşdirir. Ölkədə 1990-2015-ci illər üçün ortalama xalis miqrasiya əmsalı -11,8-dir.
Ermənistanda dövlət borcu yanvar-avqust aylarında 8,8% artaraq 7,97 milyard ABŞ dollarını keçib. Daxili borc 2020-ci ilin sentyabr ayına qədər 24,3% artaraq 1,9 milyard dollara çatıb. Ermənistanda zəifləyən ÜDM-i dəstəkləmək üçün əlavə maliyyə tədbirlərinə olan ehtiyacı nəzərə alaraq, Fitch ölkədə fiskal konsolidasiya imkanları ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin olduğunu düşünür. Davam edən müharibə və pandemiya ilə əlaqədar vəziyyətin pisləşməsi Ermənistanın fiskal proqnozlarına mənfi təsir göstərir.
Hökumət büdcə gəlirlərinin azalmasını və büdcə kəsirinin iyul ayında iki dəfə artmasını nəzərə alaraq büdcə kəsirini yenidən nəzərdən keçirib. Rəsmi hesablamalara görə, Ermənistanın 2020-ci ilin sonuna qədər ÜDM-in 7,4% -ə çatacağı proqnozlaşdırılan büdcə kəsirinin, borc cəlb edilərək qarşılanacağı və 2020-ci ildə borcun ÜDM-ə nisbətinin 67%-ə çatacağı gözlənilir. “Fitch” dövlət borcunun orta müddətli dövrdə yüksək qalacağını proqnozlaşdırır.
Cari əməliyyatlar hesabı kəsiri. Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi xarici həssaslıqlar 2020-ci ildə də aktual olaraq qalıb. Sərhədlərarası inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur və hökm sürən korrupsiya səbəbindən xarici ticarət zəifləyir və ölkənin xarici investisiyalar üçün cəlbediciliyi azalır. Qonşu ölkələrlə sərhədlərin bəziləri siyasi səbəblərə görə bağlı vəziyyətdədir, digərləri isə məhdud imkanlar təklif edir. Azərbaycanla Dağlıq Qarabağ müharibəsi genişlənir. 2020-ci ilin oktyabrında "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsinə endirmişdi. Ölkənin borca xidmət xərclərinin artması gözlənilir.
Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8.2% -dir. 1991-ci ildən bəri davam edən bu kəsir xroniki xarakter daşıyır.