BİZNES

27 Oktyabr

KOICA və Azərbaycan İnnovasiya Agentliyi arasında Detallı Planlama Araşdırması layihəsinə start verilib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya qabiliyyətinin gücləndirilməsi” layihəsinin gələcək icrası üçün Detallı Planlama Araşdırmasına başlanılıb.

Fins.az xəbər ki,araşdırma layihəsi 19 oktyabr 2020-ci il tarixindən 6 noyabr 2020-ci il tarixinədək həyata keçiriləcək və bu müddət ərzində KOICA Azərbaycan Ofisinin nümayəndələri və koreyalı mütəxəssislər yerli təşkilatlar və ekspertlərlə birlikdə layihənin detallarını, tərəflərin rollarını və məsuliyyətlərini, layihənin gedişatında baş verən dəyişiklikləri və digər əsas məsələləri müzakirə etmək və razılığa gəlmək üçün görüşlər keçirəcəklər.
Araşdırma layihəsi çərçivəsində ilkin görüş 21 Oktyabr 2020-ci il tarixində KOICA Azərbaycan Ofisinin nümayəndələri, KOICA Baş Ofisinin və Azərbaycan İnnovasiya Agentliyinin səlahiyyətli şəxsləri, habelə Koreyalı və yerli ekspertlərin iştirakı ilə keçirilmişdir. İclas zamanı KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok sözügedən layihənin missiyası, layihənin icmalı və gözlənilən nəticələr haqqında təqdimatla çıxış etmişdir. Daha sonra isə Azərbaycan İnnovasiya Agentliyinin İdarə Heyətinin üzvü cənab Fariz Quliyev Azərbaycanın innovasiya ekosistemindəki mövcud vəziyyət barədə məlumat vermişdir. 
Layihənin əsas məqsədləri və komponentləri 3 hissədən ibarətdir: a) İnnovasiya üzrə Baş Planın yaradılması; b) Pilot Layihənin həyata keçirilməsi və c) Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi proqramının təşkili. Qeyd olunan layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda Azərbaycanda dayanıqlı innovasiya sisteminin yaradılmasına töhfə verəcəkdir. Layihənin müddəti 24 aydır və 2021-2024-cü illər ərzində həyata keçiriləcəkdir. Layihənin ümumi büdcəsi 2 milyon ABŞ dolları təşkil edir.