BİZNES

16 Oktyabr

Pandemiya dövründə bu məhsulun satışı kəskin ARTIB

Müasir həyatın ayrılmaz hissəsinə çevrilməkdə olan texnologiyalardan biri də portativ enerji yığma cihazlarıdır.

Başqa sözlə poverbank adlanan bu cihazlar ən aktual mobil aksesuarlardan biridir.

Məlumdur ki, mobil telefon istifadəsinin müddətirinin artmasına görə telefonların enerji saxlamaması problemi yaranıb. Poverbank adlanan bu faydalı cihazlar vasitəsilə, sözügedən problemi həll etmək mümkündür.

Bəs poverbankı necə seçmək olar? Pandemiya dövründə bazarda onların qiyməti necədir?

Fins.Az xəbər verir ki, bu cihazlar müxtəlif ölçüdə enerji tutumları ilə mövcuddur və istənilən yerdə telefonları enerji ilə təmin etmək üçün olduqca əlverişlidir. Bazarda məşhur markalarla yanaşı, o qədər də tanınmayan markaların da belə məhsulları var.

Poverbank istehsal edən ciddi brendlər çoxdur. Bunlara Samsung, Xiaomi, Huawei, Asus, Sony və Lenovo kimi şirkətlər aiddir. Əlbəttə, onların məhsulları keyfiyyətli və etibarlıdır. Qiymətləri isə təxminən 50-150 manat arasında dəyişir.

Əlbəttə, xaricdən daha ucuz qiymətə bu məhsullardan almaq da mümkündür. Hətta Çinin tanınmayan markalarından 5-10 dollara poverbanklar da tapmaq olar. Amma bunlar elə də məsləhətli deyil. İlk istifadədən sonra belə cihazların enerji saxlama qabiliyyəti itir.

Belə cihazların satışı ilə məşğul olan Samir Əsgərov Fins.az-a deyir ki, son günlərdə poverbank alıcılarının sayı artıb. Bunun səbəbi isə cəbhədə gedən əməliyyatlardır. Belə ki, ön cəbhəyə yardım edən şəxslər əsgərlər üçün poverbanklar da göndərirlər. Həmsöhbətimiz özü də ən yaxşı hesab etdiyi bu cihazlardan cəbhəyə göndərdiyini deyib.

Elektronika mağazalar şəbəkəsində də satışda artım olduğunu bildiriblər.