BİZNES

16 Oktyabr

Pandemiya dövründə kişi geyim BAZARININ VƏZİYYƏTİ

Təxminən bir əsrə yaxındır ki, Azərbaycanda kişilər milli geyimlərimizdən yox, Avropa geyim tərzindən istifadə edirlər.

Pencək və şalvardan ibarət olan klassik kostyumların modelləri dəyişsə də, ümumi məzmun dəyişmir: Azərbaycan kişisi tutduğu vəzifəsindən, maddi vəziyyətindən asılı olmayaraq bu geyimi seçir.

Nisbətən gənc nəsil idman üslublu sadə geyimlərə üstünlük versə də, onların da qarderobunda mütləq ki, ən azı bir dəst klassik pencəkli geyim var.

Gənc nəsil adətən bu geyimi əlamətdar günlərdə - məzun günü, toy, rəsmi qəbulda geyinsə də, yaşlı nəsil üçün pencəkli kostyumlar az qala gündəlik iş geyimidir.

Bəs bu gün kişi kostymları istehsal edən bazarda vəziyyət necədir? Onlar daxili bazara cavab verə bilirlərmi? Yoxsa ixrac edilən məhsullar onların işinə təsir edib?

Fins.az-ın araşdırmasına görə, Azərbaycanın ən məşhur markalarından olan “Emiland” şirkətinin mececeri deyir ki, pandemiya onların işinə şübhəsiz təsir edir. Çünki onların məhsullarını əldə edənlərin çoxu bu geyimləri toy-nişan üçün alırlar.

Ölkədə mart ayından toylar olmadığı üçün bu özünü bazarda göstərib.

Həmçinin, ötən təhsil ilində məzun gününün olmaması da bazara təsir edən amillərdən olub.

Nisbətən daha ucuz kişi geyimləri istehsal edən “Mirzəyev tekstil” də satışın az olmasından gileylidir.

Şirkətin nümayəndəsi deyir ki, pandemiya dövründə mağazalarının bağlı olması müştərilərin xaricdən onlayn sifariş verməsinə gətirib çıxarıb.

Sahibkar Elvin Sadıqov deyir ki, xaricdən, xüsusilə də Türkiyə və Çindən ucuz qiymətə alınan geyimlər rəqabətdə yerli məhsulları üstələməyi bacarır. Lakin E.Sadıqov bildirib ki, gənclər xaricdən geyim almağa üstünlük versələr də, hələ də yaşlı nəsil yerli məhsula üstünlük verir.

Çünki daim dəyişən dəb yaşlı nəsli heç də hər zaman qane etmir və onlar ənənəvi stil üçün yerli istehsalçılara üz tuturlar.