BİZNES

13 Oktyabr

Pandemiya dövründə Azərbaycanın KİNOİNDUSTRİYASI

Pandemiya bir çox sektorlara, o cümlədən kinoindustriyaya da zərbə vurdu.

Fins.az-ın araşdırmasına görə, bu ilin əvvəllərindən bütün dünyada bağlanan kinoteatrlar yeni istehsal edilmiş filmlərin qazanc əldə etməsinə mane oldu. Bir sıra yeni filmlər kinoteatrdan əvvəl televiziyaların ixtiyarına buraxıldı. Bu isə gözlənilən gəlirin əldə edilməməsi deməkdir.

Ekspertlər kino çəkilişlərindəki vəziyyətin də ağır olduğunu deyirlər. Belə ki, karantin şərtləri bir çox ölkələrdə, eləcə də Azərbaycanda çəkilişlərə mane oldu. Eyni şey teleserial çəkilişlərində də müşahidə olundu. On nəfərdən artıq şəxsin bir məkana toplaşmasına qoyulan qadağa toplu səhnələrin çəkilişinə mane oldu. Eyni zamanda, 65 yaşdan yuxarı şəxslərin çölə çıxma qadağası, iaşə obyektlərinin bağlı olması da belə çətinliklərdəndir.

Maliyyə çatışmazlığı lazım olan məkanları, rekvizitləri tapmaqda da problem yaratdı.

Bu sektorda çalışanlar maddi sıxıntı ilə də üz-üzə qaldılar. Dünyaca məşhur aktyorlar beynəlxalq qurumlara karantin şərtlərinin yumşaldılması üçün müraciətlər etdi. Azərbaycanda da bu tendensiya izləndi.

Bir müddət əvvəl Hollivudun bir sıra şirkətləri çəkilişləri bərpa etsələr də, onların yenidən dayanacağı müzakirə mövzusudur. Ən pisi isə bu durumun nə qədər davam edəcəyini kimsənin bilməməsidir.

Amma ən pessimist rejissorlar da deyir ki, yaşananlar kinonun inkişafı üçün bir təkan olacaq. Ən azı, ssenaristlər koronavirus mövzusuna müraciət edəcək və bu mövzuda yeni filmlər çəkiləcək.