Koronavirus pandemiyası bütün dünyada bir sıra biznes sahələrinə ağır zərbə vurdu. Bunu hətta dünya şöhrətli şirkətlər də inkar etmir.
Fins.az-ın araşdırmasına görə, adətən pandemiyanın zərər vurduğu sahələr sadalandıqda bu siyahılarda ilk yerlərdə turizm, təhsil, əyləncə, geyim, sektorlarının adını görürük.
Əksinə, bu dövrdə xeyli qazanc əldə etmiş sahələr də oldu. Bunlara nümunə kimi isə tibb, KİV, İT və əlbəttə ki, qida sektorlarını göstərmək olar.
Lakin bu qlobal sektorlar daxilində də elə spesifik sahələr var ki, onlarda da geriləmə izlənilir.
Məsələn, koronavirusla mübarizə aparan tibb sektorunda bəzi sahələrdə durğunluq yaşanır. Buna misal olaraq, ginekoloji klinikaları və doğum evlərini göstərmək olar. Bu gün bütün dünyada ailə planlaması ilə məşğul olan mütəxəssislər dünyaya övlad gətirmək məsələsini bir müddət ertələməyi məsləhət görürlər.
Ekspertlərin sözlərinə görə, eyni şey qida sektorunda da müşahidə olunur. Xəstələnməkdən qorxan insanlar soyuq içkilərdən, dondurmadan yan qaçırlar.
Bunun əvəzində isə vitaminli, immunitet gücləndirən qidaların istehsalı və satışı artıb.
Təbii ki, bu hallar müvəqqəti xarakter daşıyır. Pandemiya dövründən sonra adı çəkilən sektorların ikiqat artımla çalışacağı ehtimal edilir.