Ölkədə tətbiq olunan karantin rejiminə görə fərqli şəkildə keçirilən ali məktəbə qəbul imtahanları müxtəlif məqamlara işıq saldı.
Fins.az-ın araşdırmasına görə, bunlardan biri də ölkədə ənənəvi, dəbdə olan ixtisaslara marağın dəyişməsidir.
Ekspertlərin sözlərinə görə, ötən illərdə də müşahidə edilən bu tendensiya pandemiya şəraitində özünü daha da büruzə verdi.
Belə ki, artıq humanitar ixtisaslara olan maraq azalmaqda, onun əvəzində biznes yönümlü və texniki ixtisaslara maraq artmaqdadır.
Bunun səbəbi isə ölkənin əmək bazarında olan hazırkı durumdur.
Hazırda vakansiya saytlarına, işəgötürmə şirkətlərinə nəzər salmaq yetər ki, iş axtaranların böyük əksəriyyətinin humanitar ixtisaslılar olduğunu görəsən.
Yüksək əmək haqqı təklif edən, lakin mütəxəssis tapa bilməyən vakansiyalar isə daha çox kompüter elmləri və yüksək texnologiyalarla bağlıdır.
Ali məktəblərə qəbul nəticələri göstərir ki, yaxın illərdə əmək bazarındakı bu tələbat ödəniləcək.
Tuncay Türbəndəzadə