İlin ilk aylarından koronavirus təhlükəsinin yaratdığı çətinliklər biznes sektorunda aydın hiss olundu. Karantin rejiminin qısa müddətli olacağını düşünən sahibkarlar bu dövr uzandıqca təkcə maddi deyil, psixoloji cəhətdən də böhran yaşadılar.
Fins.az-ın məlumatına görə, illərlə əldə etdikləri qazancı bir neçə ay ərzində itirmək qorxusu bir çoxlarının sağlamlığında da öz mənfi izini qoydu.
Şəhərin iri ticarət mərkəzlərinin birində mağazası olan Cümşüd Qarayev deyir ki, pandemiya ilə əlaqədar mağazasının bir müddət işləməməsi onun maddi vəziyyətinə ciddi təsir edib. Lakin sahibkar həmin ərəfədə ruhdan düşməyib:
“Bilirdim ki, bu, müvəqqətidir. Hər şey geridə qalacaq. Mağazam işə başlayandan sonra itkilərimi kompensasiya edə biləcəyəm. Elə də oldu”.
Gözəllik salonu sahibi olan Natəvan Baxışova da pandemiyanın təsirini ağır şəkildə yaşayanlardandır:
“Bu bir neçə ayda əsas məqsədim işçilərimi itirməmək oldu. İndi yaxşı usta tapmaq çətindir. Düzdür, bilirdim ki, başqa salonlar da bağlı olduğu üçün əməkdaşlarım gözləmə mövqeyindədirlər. Amma onlara az da olsa, maddi yardım etməyi özümə borc bildim. Bu pul onsuz da azalmış büdcəmə mənfi təsir etsə də”.
Daha çox iş adamları əməkdaşlıq edən psixoloq Jalə Abdullayeva deyir ki, bu bir neçə ay ərzində ağır depressiya diaqnozu ilə müraciət edənlərin sayı artıb:
Bu tendensiya təkcə Azərbaycanda müşahidə olunmur. Bu gün bütün dünyada biznesmenlər gərgin psixoloji vəziyyətdədirlər. Problemin əsas səbəbi qeyri-müəyyənlikdir. Bu dövrün nə qədər davam edəcəyini heç həkimlər də billmədiyi üçün müxtəlif şayiələr yayılır. Bu da iş adamlarına mənfi təsir edir”.
Psixoloq hesab edir ki, hazırda ölkənin gündəminin dəyişməsi – müharibənin başlaması müəyyən qədər vəziyyəti dəyişdirəcək:
“Əlbəttə, müharibə özü də ağır psixoloji travmalar deməkdir. Amma bizim cəmiyyətdə bu, fərqli şəkildə qəbul edildiyi üçün, əksinə pandemiya dövrünün buraxdığı izləri sağaltmaq effekti verdi. Yəqin ki, müharibə bitəndən sonra bu mövzuda daha dəqiq danışmaq olacaq”.
Ərzaq mağazasının müdiri olan Cabir Rüstəmov isə nə pandemiyanın, nə də müharibə şəraitinin biznesinə o qədər də təsir etmədiyini deyir:
“Mən hər gün şükür edirdim ki, çalışdığım sahənin işində geriləmə olmadı. Buna görə imkansızlara kömək etməyi özümə borc bilmişəm. İndi də ön cəbhəyə yardım etməyə çalışıram. Bu, hamımızın borcudur”.
Tuncay Türbəndəzadə