BİZNES

22 Sentyabr

MİDA-nın aktivləri 205 milyon manatdan çoxdur

2019-cu ildə “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) publik hüquqi şəxsin xalis mənfəəti 5 milyon 339,699 min manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 77,1% çoxdur.

MİDA-nın auditi aparılmış maliyyə hesabatına əsasən, 2019-cu ilin yekunları üzrə agentliyin əməliyyat zərəri 3 milyon 143,734 min manat (2018-ci illə müqayisədə artım 3,9 dəfə), maliyyə gəlirləri 7 milyon 719,623 min manat (artım 76,6%) təşkil edib.

Agentlik 2019-cu ildə mənfəət vergisi üzrə ödənişlər həyata keçirməyib.

1 yanvar 2020-ci il tarixinə agentliyin aktivləri 205 milyon 434,494 min manata (artım 1,9 dəfə), o cümlədən qısamüddətli aktivləri 88 milyon 882,723 min manata, uzunmüddətli aktivləri 116 milyon 551,771 min manata bərabərdir.

2019-cu ilin sonuna MİDA-nın öhdəlikləri 2018-ci ilin sonuna olan 313,726 min manata qarşı 34 milyon 582,496 min manat təşkil edir.

MİDA-nın kapitalı 170 milyon 851,998 min manata (artım 65,1%), o cümlədən nizamnamə kapitalı 100 milyon manata, bölüşdürülməmiş mənfəəti 8 milyon 354,527 min manata, dövlət büdcəsindən daxilolmalar 62 milyon 497,471 manata bərabərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.

(c)İnterfaks Azərbaycan