BİZNES

17 Sentyabr

TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımaları 18% azalıb

2020-ci ilin yanvar-iyul aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 24 milyon 480,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə dəhliz çərçivəsində 7 milyon 540 min ton yük və ya bütün yükdaşımaların 30,8%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,7% - İF), 13 milyon 956,8 min tonu və ya 57%-i avtomobil nəqliyyatı (azalma 28,9%), 2 milyon 983,7 min tonu və ya 12,2%-i dəniz nəqliyyatının (artım 0,5%) payına düşüb.

Yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə daşımaların azalması COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə izah olunur.

Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 4 milyon 955,6 min ton və ya 20,2% (artım 7,3%) tranzit yüklərin payına düşüb.

2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandı