BİZNES

24 İyul

 ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası nə zaman tətbiq edilir?

Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinə (ƏDV) həsr olunub. Bu maddənin müddəaları ilə bağlı maraq doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcələsinin 175.1.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Misal 1: Vergi ödəyicisi mart ayında qarşı tərəfdən 4.000 manatlıq mal almasına baxmayaraq, 8 aprel 2020-ci tarixində bank hesabına 3.000 manat əsas məbləğ ödəsə də, həmin tarixdə aprel ayı üçün cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman, vergi ödəciyisi 3.000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3.000 manat x 18 faiz) əvəzləşdirə bilməyəcək.

Bir məsələni qeyd edək ki, vergi ödəyicisi ödənişləri misalımıza uyğun həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq 175.8-ci maddədə göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi 3.000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat – 200 manat) 50 faizi həcmində - 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.