BİZNES

22 İyul

Muzdla çalışan 1,5 milyondan çox işçiyə ödəniş edilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edir.

Həmin paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub.

Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.

Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı həyata keçirilib, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri görülür.