Hər bir ölkədə azad sahibkarlığın inkişafı vergi və gömrük sisteminin fəaliyyətindən ciddi şəkildə asılıdır. Bu iki sistemlə əlaqələr faktiki olaraq sahibkarların gündəlik fəaliyyətinin tərkib hissəsidir. Buna görə də vergi və gömrük orqanlarının işində hər hansı qanunsuzluq, korrupsiya, rüşvət amili müşahidə olunursa, bu, dərhal özünü sahibkarlığın vəziyyətində büruzə verir. İqtisadi inkişaf yolunu seçmiş hər bir ölkə bu amili nəzərə alaraq, iqtisadiyyatın iki sektorunda şəffaflığı, qanunçuluğu təmin etməyə çalışır.
Azərbaycanda uzun illər boyu vergi orqanlarının fəaliyyətində ciddi problemlərin olduğu artıq heç kimə sirr deyil. Vergi orqanlarına rəhbərliyin dəyişməsindən sonra ölkə rəhbərliyi səviyyəsində sərt tənqid olunan bu vəziyyət azad sahibkarlığın inkişafı qarşısında əsas maneələrdən biri qismində çıxış edib. 2018-ci ildən etibarən Vergilər Nazirliyində aparılan ciddi islahatlar sahibkar-vergi orqanı münasibətlərində şəffaflığın yaranmasına, sahibkarların vergi orqanlarına, onların timsalında isə dövlətə inamının artmasına gətirib çıxarıb. Gömrük orqanlarında da son illərdə həyata keçirilən dəyişikliklər, şəffaflaşma diqqəti cəlb edir. Hər iki sistemdə məmurla sahibkar arasında təmasların minimuma endirilməsi, uçotdan, vergidənyayınmaların qarşısının alınması son nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxarıb. Rəsmi məlumatlara əsasən bu ilin altı ayında dövlət büdcəsinin daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib.
Nazirlər Kabinetinin Prezident İlham Əliyevin yanında 2020-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev maraqlı rəqəmlər açıqlayıb.
Komitə sədri bildirib ki, bu ilin 6 ayında Azərbaycanın ticarət həcmi idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edib: “Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatlarımız isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və ixracın strukturuna baxdığımız zaman pandemiyadan asılı olaraq müəyyən dəyişikliklərin baş verdiyini görərik”.
S.Mehdiyevin sözlərinə görə, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid olan neft, neft məhsulları, sürtkü yağları və yanacaq vasitələri olub ki, bu da 67 faiz azalma deməkdir: “Keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında 66 milyon manat azalma bu pozisiyada olub. İkinci yerdə 86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu avadanlıqları 35 milyon manat azalıb və büdcə daxilolmalarında bu mövqe üzərində 89 faiz azalma baş verib. Ümumilikdə nəqliyyat vasitələri, maşın və mexanizmlərin gətirilməsi sahəsində, tütün məmulatlarında da 50 milyon manat həcmində azalma olub. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər nəticəsində idxalın ərzaq məhsulları üzrə artımı hesabına 34 faizə qədər artım əldə edilmişdir.
İdxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da Sizin kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində apardığınız uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb".
Prezident gömrük yığımlarında artımın əsas səbəbinin şəffaflıq və qaçaqmalçılığa qarşı mübarizə olduğunu vurğulayıb: “Bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq. Ona görə mən dəfələrlə demişəm ki, dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar üçün artıq güzəştli dövr də təmin edilmişdir. Onlarla həm gömrük, həm vergi orqanları məsləhətləşmələr aparıblar, görüşlər keçiriblər, onlara izah edilib ki, dövləti aldatmayın və rahat yaşayın, gecənizi rahat yatın. Ona görə mən bu sahələrdə görülmüş işləri qiymətləndirirəm”.
Göründüyü kimi, iqtisadi proseslərin tənzimlənməsində mühüm yer tutan iki qurumda həyata keçirilən dəyişikliklər dövlətə gəlirlərin artması baxımından böyük fayda verib. İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, bu prosesdən yalnız dövlət deyil, iqtisadi mühitin bütün iştirakçıları, sadə vətəndaşlar, xüsusilə də sahibkarlar udur: “Son illər ərzində ölkədə vergi və gömrük sistemində ciddi şəffaflaşdırma tədbirlərinin həyata keçirilməsinə və bu sahədə xeyli uğur əldə olunmasına dair xatırladıram ki, 2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı. Bax, həmin 1 milyard manat əlavə vəsaitin əldə olunmasında 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı. Hansı ki, həmin əlavə və dəyişikliklər nəticəsində bir sıra mexanizm və qaydalar sadələşdirilmiş və təkmilləşdirilmiş oldu. Adətən belə tədbir və islahatların nəticəsi özünü azı 1 ildən sonra göstərir, amma bizdə qeyd etdiyim kimi, bir çox şeylər özünü dərhal büruzə verdi. Təsadüfi deyildi ki, ilkin nəticələrə dair müvafiq tendensiya bu ilin ilk 3 ayı ərzində də özünü göstərməklə əlavə vəsaitin əldə olunması prosesi 310 milyon manatdan çox təşkil etdi. Halbuki mart ayından etibarən pandemiya ilə əlaqədar olaraq artıq böhran başlamışdı və əsas iqtisadi göstəricilərdə geriləmə start götürmüşdü. Yanvar-may aylarının göstəricilərinə əsasən 1,7 faiz, ümumiyyətlə, ilin birinci yarısının yekunlarına əsasən 2,7 faiz tənəzzül bunun nəticəsidir. Amma bununla belə, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib ki, daxilolmalar üzrə proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Yəni, vergi və gömrük xətti ilə tapşırıqdan artıq vəsait yığımı prosesi yenə davam edir. Bu çox mühüm məsələdir və olduqca alqışlanmalı hadisədir. Demək, daxildə böyük potensial var, sadəcə, bunu aşkarlamaq lazımdır. Odur ki, şəffaflığın tam təmin olunması istiqamətində islahatları davam etdirmək olduqca zəruridir və bu, getdikcə daha çox bir nömrəli prioritet təşkil etməlidir və edir. Məhz bunun hesabına iqtisadi-maliyyə vəziyyətini sabit saxlamaq mümkündür”.
Pərviz Heydərov
Ekspertə görə, ümumiyyətlə, vergi və gömrük rüsumları üzrə yığımı artırmağın 2 yolu var: “Birincisi, ekstensiv, digəri intensiv yoldur - ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində qeyd etdiyim effektivliyin kökü ondan irəli gəlir ki, qeyri-leqal dövriyyənin və nəğd gəlir axınının ağardılması və üzə çıxarılaraq cəlbi prosesi sırf stimullaşdırıcı, sadələşdirmənin və yığımın daha çox bir əldə cəmləşdirilməsini təmin etmək yolu ilə aparılmış və aparılmaqda da davam etdirilməkdədir. Bütün bunlar son nəticədə həm də ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşması üçün də şərait və zəmin yaratmaqdadır”.
P.Heydərov qeyd edir ki, Azərbaycanda hələ də “kölgə iqtisadiyyatı” mövcuddur: “Hökumət indiyədək vergi yükünün azaldılması istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirib, dərəcələri aşağı salıb və ümumən, dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüb. Bununla belə, mövcud vergi siyasətinin iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək yenə də hələ tezdir. Bəli, inkişaf etmiş ölkələrdə bir çox vergi dərəcələri bizdəkindən qat-qat yüksəkdir. Bu, həqiqətən də belədir. Ancaq söhbət ölkə iqtisadiyyatının ümumi strukturundan, sistemin özəlliklərindən gedərsə, bizdə bir sıra sahələrdə vergi dərəcələrinin aşağı olmadığını sübut etmək çətin deyil. Odur ki, vergidə islahatlar davam etdirilməli, bir sıra istiqamətlərdə dərəcələr ardıcıl olaraq aşağı salınmalı və müvafiq güzəştlərin tətbiqi fasiləsiz xarakter daşımalıdır”.