BİZNES

21 İyul

Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2,6 dəfə artıb

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 586,8 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu artım prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək tapşırılıb.

Statistik məlumatlara görə, cari ilin yanvar-iyun ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 626,1 milyon manat (artım 10%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur.