BİZNES

21 İyul

Azərbaycanlı iş adamlarının bölgəyə investisiya yatırımı üçün şəffaf şəraitin yaradılması

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov və Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Bondarenko ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşlərin əsas məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribat haqqında məlumatlandırmaq, azərbaycanlı iş adamlarının bölgəyə investisiya yatırımı üçün şəffaf şəraitin yaradılması, ukraynalı sahibkarların Azərbaycana axını, diaspora təşkilatlarının fəaliyyətinə dəstəyin artırılması idi.

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat haqqında geniş məlumat verən səfir Dnepr şəhər Administrasiyasının rəhbəri B.Filatovla görüşdə bildirib ki, Ukrayna dövlətinin bu dəfə də ölkəmizin haqlı mövqeyini müdafiə etməsi iki ölkə arasında dost münasibətlərin sarsılmaz olduğunu göstərir.

E.Axundova deyib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, ticari layihələrin reallaşdırılması və birgə müştərək layihələrin gerçəklədirilməsi olduqca vacibdir.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda xarici sahibkarla üçün münbit investisiya mühiti yaradılıb.

O, görüş zamanı merdən Dnepr şəhərində Müslüm Maqomayev adına parkın açılması və onun heykəlinin ucaldılması üçün müvafiq dəstəyin verilməsini xahiş edib.

B.Filatov öz növbəsində bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daima dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək

“Azərbaycan investorlarının Dnepr şəhəri ilə layihələri var. Dnepr Azərbaycan investorları ilə əməkdaşlığını davam etməkdə davam edə bilər və biz bunda maraqlıyıq. Azərbaycan diasporu da Dneprdə olduqca aktivdir. Biz onların fəaliyyətinə də dəstək verməyə hazırıq”, - deyə B.Filatov əlavə edib.

Daha sonra səfir Dnepropetrovsk vilayətinin qubernatoru A.Bondarenko ilə görüşdə bildirib ki, bu gün kənd təsərrüfatı texnikalarının istehsalı sahəsində müştərək müəssisənin yaradılması üzərində müvafiq işlər həyata keçirilməlidir. Azərbaycan tərəfi irəli sürülən təklifləri müzakirə etməyə hazırdır.

E.Axundova Azərbaycanın Ukrayna sənaye məhsullarının, xüsusən də polad və kənd təsərrüfatı texnikalarının alınmasında maraqlı olduğunu vurğulayıb.

“Müxtəlif sahələrdə müsbət təcrübəmizi ukraynalı tərəfdaşlarımızla bölüşməyə, o cümlədən yol infrastrukturunun inkişafı, ekoloji proqramların icrası, ASAN və DOST xidmətləri ilə bağlı layihələrin Ukraynada tətbiqinə hazırıq", - deyə səfir əlavə edib.

Qubernator öz növbəsində deyib ki, Dnepropetrovsk vilayəti bir çox cəhətdən Ukraynada lider mövqe tutur. Bölgə nəhəng sənaye müəssisələri mövcuddur və ölkənin mineral ehtiyatlarının təxminən yarısı da burada yerləşir.

“Biz bir çox ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi, mədəni və təhsil əlaqələrini inkişaf etdirməkdə maraqlıyıq. Bu məqsədlə bölgədə Avropa İnteqrasiyası Ofisini açmağı planlaşdırırıq. Mədəni ənənələrin mübadiləsi mərkəzi və xarici sərmayə cəlb etmək üçün əlverişli mərkəz olacaq. Burada müxtəlif sahələrdə layihələrin uğurla həyata keçirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsini aparmaq mümkün olacaq", - deyə A.Bondarenko qeyd edib.