Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.
Dövlət Vergi Xidmətindən fins.az-a verilən məlumata görə, bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir. Bu sahədə əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.
Belə ki, son zamanlar Dövlət Vergi Xidməti tərəfindən aparılmış təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış ticarət obyektlərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə istehlakçının istehlak edə biləcəyi məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunub.
Məlumata əsasən, vergi xidmətinin tətbiq etdiyi risk qiymətləndirməsinə əsasən, sözügedən hallar faktiki olaraq topdansatış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi yolu ilə əqdin faktiki mahiyyətinin dəyişdirilməsi kimi qiymətləndirilir.
Beləliklə, iri həcmli malın fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq digər sahibkarlıq subyektlərinə və ya ayrı-ayrı şəxslərə elektron qaimə-faktura tərtib edilmədən malların satışı əməliyyatının pərdələnməsidir. Faktiki olaraq topdan qaydada satılan mallar bu yolla qeyri-leqal dövriyyəyə daxil olur və “kölgə iqtisadiyyatı”nın genişlənməsinə xidmət edir. Nəticədə vergi orqanı tərəfindən bu malların hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.
Bu kimi halların aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilib və onlar barəsində Vergi Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
Xatırladaq ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
İqtisadiyyat Nazirliyi sahibkarları lüzumsuz maliyyə sanksiyalarına məruz qalmamaq üçün malların topdansatışı zamanı qanunvericiliyin tələblərinə əməl edərək elektron qaimə-faktura tərtib etməyə dəvət edir və bildirir ki, vergidən yayınma hallarına yol verən vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Müəllif :Aynur Qəniyeva