BİZNES

17 İyul

Sahibkarlara şad xəbər: yeni imkanlar yaradıldı

Sahibkarlar portal vasitəsilə müraciət edən zaman bir deyil, üç bankı seçmək imkanına malik olacaqlar. Beləcə həmin sahibkarların müraciətinə üç bankda baxılacaq. Hansı bank sahibkarın kreditinə daha tez müsbət cavab verərsə, o bankla da əməkdaşlıq ediləcək.

Bu sözləri açıqlamasında millət vəkili Vüqar Bayramov iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, İqtisadiyyat naziri tərəfindən hazırlanan və hazırda icra edilən iqtisadi paket pandemiyanın təsirlərinin minimuma endirilməsini nəzərdə tutur:

“Eyni zamanda, mahiyyət etibarilə bu, strateji bir sənəddir. Çünki həm pandemiyanın davam etdiyi aylarda, həm də post-pademiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi, o cümlədən onların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur. Təbii ki, bu paket çərçivəsində elektron kredit portalı istifadəyə verilib və bu, daha rahat müraciət etmək imkanı yaradır. Bu portalın əsas üstünlüyü ondan ibarətdir ki, sahibkarlara həm elektron qaydada sürətli müraciət, həm də qısa müddətdə kredit imkanı yaranır. Belə ki, nisbətən kiçik kreditlər üçün müraciət edən sahibkarlara 7 iş günü müddətində cavab verilir. Digər kreditlər üçün isə bu zaman 10 gündür. Əvvəlki dövlərdə sahibkarlar güzəştli kreditə müraciət edərkən konkret bir bank seçirdi və həmin banka müraciət edirdi. Sahibkar biznes planı və digər sənədləri təqdim etməklə krediti əldə edirdi. Artıq bu istiqamətdə də təkmilləşdirmə var. Düşünürəm, bu da sahibkarların kredit imkanlarına çıxışı baxımından çox vacib bir irəliləyiş hesab edilməlidir”.

(c)Axar