Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Azərbaycanın ilk qlobal “virtual hackathon”u – “Global Virtual Hackathon” haqqında bu dəfə nüfuzlu “Forbes”in elektron resursunda dərc olunan məqalədə (//bit.ly/3j57rDQ) bəhs olunub.
“COVID-19” dövründə dünyada tətbiq olunmuş innovativ həllər barədə məlumat verilən məqalədə qeyd edilir ki, Azərbaycan pandemiya zamanı insanların bir-birilərinə daha yaxşı dəstək olmasına kömək məqsədilə “Global Virtual Hackathon”a ev sahibliyi etdi və Polşa komandası qalib oldu.
Eyni zamanda, təşkilatçılara istinadən bildirilir ki, bir ay belə hazırlaşmadan gərgin iş şəraitində beynəlxalq ictimaiyyətin mübarizəsinə kömək etmək üçün önəmli qərarlar qəbul edilib.
Qeyd edək ki, məqalədə haqqında bəhs edilən “Global Virtual Hackathon” bu ilin aprel ayında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqədə iştirak üçün 5 qitə üzrə 45 ölkədən 600-dən artıq müraciət qeydə alınmışdı.
Müsabiqənin yekunlarına əsasən, birinci yerə Polşadan olan “Crisis Heroes” komandası layiq görülüb. İkinci yeri vauçer yolu ilə kiçik və orta biznesə dəstək ideyasını təqdim edən Azərbaycan komandası “Javid-19” tutub. Üçüncü pillədə isə Braziliyanın “Zebrafish” komandası qərarlaşıb.