BİZNES

15 İyul

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyində onlayn görüş

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun diskussiya məkanında “İxracatçılara dəstək və “Azərbaycan Ticarət Evi” sisteminin dayanıqlı inkişafı vasitəsilə Rusiya bazarında Azərbaycan məhsullarının təbliği” mövzusunda müzakirələr aparılıb.

Ticarət Nümayəndəliyindən verilən məlumata görə onlayn-diskussiya Biznes-klubun təşəbbüsü ilə keçirilib. Tədbirin aparıcısı qismində Biznes-klubun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskaya çıxış edib.

Azərbaycanın RF-dəki Ticarət Nümayəndəliyi aparatının baş məsləhətçisi Namiq Xəlilov iştirakçıları “Azərbaycan Ticarət Evi” layihəsi ilə tanış edib. Layihə Azərbaycan ixracatçılarına dəstək və Azərbaycan məhsullarının Rusiya bazarlarına çıxarılmasına dair kompleks sistemdir. Sahənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri ixracatyönümlü məhsulun istehsalının və onun xarici bazarlara ixracının stimullaşdırılmasıdır. İxracatın inkişafında müxtəlif ölkələrdə “Azərbaycan Ticarət evləri”nin yaradılmasına xüsusi əhəmiyyət verilir. Azərbaycan məhsulları ixracının dayanıqlı illik artımı bu yanaşmanın effektivliyinin dəqiq göstəricisidir. Qeyd olunub ki, Rusiya bazarının xüsusiyyətləri və bu ölkənin ərazisinin ölçüsü nəzərə alınmaqla, “Azərbaycan Ticarət Evi”nin üçpilləli konsepsiyası reallaşdırılır. Bu sistemə daxil olan şou-rumda ölkəmizin ixracat potensialı, turizm və investisiya imkanları, Azərbaycan məhsullarının Rusiyaya, Rusiyada çalışan yerli sahibkarlar tərəfindən yaradılan “Azərbaycan nemətləri” brendi altında fəaliyyət göstərən müxtəlif formatlı mağazalara ixracı üzrə ixtisaslaşan ixrac-idxal şirkətləri nümayiş etdirilir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ixracın təşviqi departamentinin direktoru Fuad Cəfərov Azərbaycan məhsullarının ixracının artırılması üzrə görülən işlərdən və mövcud imkanlardan söz açaraq, “Azərbaycan Ticarət Evi” layihəsinin azərbaycanlı istehsalçılar, xüsusən kiçik və orta müəssisələr üçün əlverişli şərait yaratdığını qeyd edib.

“Krokus İnterservis” ASC-nin baş direktoru Viktor Mixalski şirkətin logistik xidmətləri, həmçinin azərbaycanlı ixracatçıların iş təcrübəsi barədə məlumatı təqdim edib.

“Tvoy dom” hipermarketlər şəbəkəsinin tədarük və satış üzrə meneceri Ziya Əliyev qeyd edib ki, “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində Ticarət Nümayəndəliyinin aparatı ilə əməkdaşlıq təcrübəsi olan şirkət bu layihəni uğurlu və perspektiv hesab edir. O, həmçinin bildirib ki, “Tvoy dom” ticarət şəbəkəsi geniş çeşidli Azərbaycan məhsullarının idxalında maraqlıdır və bu istiqamətdə azərbaycanlı istehsalçılarla əməkdaşlıq etməyə hazırdır.

“SERKONS LLC” şirkətinin məhsulların sertifikasiyası üzrə aparıcı mütəxəssisi Natalya Pçelintseva Rusiyaya idxal edilən qida məhsullarının sertifikasiya qaydaları və bu sahədə şirkətin xidmətləri barədə təqdimat keçirib.