Sual: Müəssisəsimiz sexdən stol masası alıb, ödəniş etmək istəyir. Lakin qarşı tərəfin bank hesabı və VÖEN-i yoxdursa, ona nağd ödəniş edib xərcə salmaq olarmı? Olarsa əlavə hansı vergilər ödənilməlidir?
Cavab vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2ci maddələri.
Müəllif:Aynur Qəniyeva