BİZNES

13 İyul

Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama çatıblar. Söhbət, artırılmış reallıq cihazı üçün nəzərdə tutulmuş yarımşəffaf linzalardan gedir. Məlumata əsasən həmin linzalar prototip mərhələsini geridə qoyublar və mühəndis testləri üçün nümunə istehsalı mərhələsinə keçid ediblər.

    Bu barədə The Information saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti öz AR eynəklər üçün nəzərdə tutulmuş linzaları Çinin cənub-qərb hissəsində yerləşən Foxconn zavodundakı istehsalat xətlərindən birində istehsal edir. Həmin zavodda iPad modellərinin istehsalı cəmləşib. İnsayderlər qeyd ediblər ki, may ayında Apple yarımşəffaf linzaların mühəndis testləri mərhələsinə start verib.

Bu mərhələdə şirkət test üçün adətən 1000 ədəd cihaz istehsal edir. Növbəti mərhələdə isə final dizaynın təyini və həmin dizaynın irimiqyaslı istehsalat üçün uyğun olub-olmadığının dəqiqləşdirilməsi var. Son məlumata əsasən Apple şirkəti öz AR cihazını 2021-ci ildə təqdim edə və 2022-ci ildə onun satışlarına start verə bilər.