“RD Smart” MMC-nin “Smart Solar” layihəsinə, “Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinə, “Smart Home” və “İQREX” layihələrinə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Fins.az xəbər verir ki, 16 iyun 2020-ci il tarixində İnnovasiyalar Agentliyinin 14 nömrəli Qərarı ilə Pirallahı Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qeydiyyata alınıb.
Yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar. Rezidentlik alan layihələr:
“Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinin məqsədi Azərbaycanda keyfiyyətcə yeni işıqlandırma texnologiyalarının istehsalıdır. Hazırlanmasında ultra yüngül və incə materiallardan istifadə etməklə onları müxtəlif obyektlərə, o cümlədən bina və beton konstruksiyalara quraşdırmaq mümkün olacaq. Yeni texnoloji məhsul yol və metroda təhlükəsizliyin artırılmasına xidmət etmək potensialına malikdir.
“RD Smart” MMC-nin “Smart Solar” layihəsi dünyada tətbiq olunan müasir texnologiyanı və ənənəvi memarlığı özündə birləşdirir. Yaşayış binalarının tavanlarında yerləşdirilərək, günəş enerjisindən istifadə etməklə, binanın xarici enerji asılılığını azaldır və kənar enerji resurslarından azadlığı təmin edir. Layihənin əsas məqsədi yeni iş yerlərinin yaradılması, təbii günəş enerjisindən istifadə edilməsi, “Smart City” texnologiyalarının tətbiq olunması və enerji sektorunda ağıllı texnologiyaların tətbiqi və ixracıdır.
“Smart Home” layihəsi “Ağıllı Bina və Ev” avtomatlaşdırılması istiqamətində fəaliyyət göstərir. Əsasən Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq zavodda 25 növdə idxal edilən və ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal ediləcək. İstehsal edilən məhsulların 100%-i daxili bazarın tələbatını ödəyəcəkdir.
İstehsal-müştəri proqramı olan “İQREX” layihəsi marketinq üzrə intellektual nəzarət sistemidir. Onun köməyi ilə məhsulun orijinallığının təsbiti blokçeyn texnologiyası üzərindən unikal kodlar ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycan brendi olan intellektual məhsulun dünya bazarına çıxarılmasıdır. Həmçinin 200-dən çox yeni iş yerlərinin yaradılması da nəzərdə tutulub.
İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunmaqdadır.