Bu il iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 min nəfər və ya 5,7% artaraq 1 681,7 min nəfər olub, onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
“2020-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,9% artaraq 728,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, - komitədən bildirilib.
(C)APA