BİZNES

07 İyul

Pandemiya dövründə istehlakçıların məsuliyyəti

Sağlamlıq insan üçün ən dəyərli məfhumdur. El arasında belə deyim var: “Sümüklə dəri, yeməklə diri”. Sağlamlıq üçün yeməklə bərabər vacib şərtlərdən biri ona qarşı məsuliyyətli olmaqdır. Sosial sferada bunu ictimai məsuliyyət adlandırırlar.

Necə davranmalı

İctimai məsuliyyət cəmiyyətin ümumi çağırışlara uyğunlaşmaqda göstərdikləri davranışdır. Koronavirus pandemiyası ictimai məsuliyyətin önəmini ön plana çəkdi. Hazırda ümumi mənafelər uğrunda çağırışlar koronavirusa birlikdə qalib gəlməyi, yeni həyat tərzinə keçidi və yeni davranışları diktə edir. Bunun üçün bir sıra sadə və vacib qaydalar var. Bu qaydalar ictimai yerlərdə davranışı, qoruyucu vasitələrdən istifadəni və koronavirusdan qorunmaq üçün vacib tələblərdən ibarətdir. Qaydalar haqqında daha ətraflı linklərdə

Təcrübə göstərir ki, qaydalar koronavirusdan qorunmaq üçün ən effektiv metodlardır. Ölkələrdə koronavirusa yoluxma sayının artması ictimai məsuliyyətlə birbaşa əlaqədardır. Qaydalara nə qədər ciddi qəbul edilsə yoluxma da o qədər az olar. Koronavirus pandemiyasının bitəcəyi tarix bəlli olmadığı üçün onun olduğu şəraitdə yaşamaq və bunun üçün yeni tələblərə uyğunlaşmaq lazımdır.

Yeni tələblərə necə uyğunlaşmalı

Koronavirus səthlərdə qalan və hava, damcı yolu ilə asanlıqla yayılan xəstəlikdir. Virus mağazada, nəqliyyatda, parkda və s. məkanlarda ola bilər. İlk növbədə bunu yadda saxlamaq və bu ondan qorunma yollarını həyat tərzinə çevirmək lazımdır. Məsələn, insanlar yağış yağanda çətirdən, günəşli havada eynəkdən, şaxta olanda əlcəkdən istifadə etdikləri kimi koronavirusdan qorunmaq üçün vasitələrdən istifadəyə öyrəşməlidirlər. Üstəlik bu, böyük vəsait tələb etmir. Maskaların qiyməti 0,30 manat, sabun 0,30-1 manat, spirt 0,60 manat, əlcək 0,10-0,20 manatdır. Koronavirus xəstəsinin mülaciəsi üçün 1 nəfərə sərf edilən vəsait isə bundan dəfələrlə çoxdur. Bəzən insanlar sosial izolyasiya tədbirlərinin kənar təsirlərinin olmasını iddia edir və bunu psixoloji amillərlə əsaslandırmağa çalışırlar. Psixoloqlar koronavirusdan sonrakı dünya barədə bildirirlər ki, yeni həyat tərzində keçidlə bağlı bəzi təşvişlərin olması normaldır. Psixologiyanın qaydalarına görə, yeni həyat tərzinə uyğunlaşma ilə bağlı bu hiss aradan qalxacaq. Çünki normal psixoloji adaptasiya prosesi başlayacaq və cəmiyyət bu qaydalarla uzlaşacaq. İnsanların yeniliyi qəbul etməsi ilə bağlı fərqli anlayışları və psixologiyaları fərqli olduğu üçün bu proses müxtəlif müddətlərdə olur. Lakin son nəticədə insanların sağlamlıqla bağlı təşvişləri əvvəlki vərdişlərindən daha üstün olur və onlar qaydalara riayət edirlər. Bu tendensiya hazırda müşahidə etmək olur. Əvvəllər qaydalara uyğunlaşmağın çətin olduğunu düşünənlər artıq adaptasiya prosesindədirlər. Məsələn tibbi maskalardan istifadənin artması bunu göstərir.

Yeni qaydalar nə vəd edir?

Yeni həyat tərzi texniki imkanlardan daha çox istifadə etməyi zəruri edir. Texniki imkanlardan istifadə isə insanların vaxta qənaət etməsinə yol açır. Elektron alış – veriş, nağdsız ödənişlər, onlayn kurslar, dərslər, idman təlimləri, videobağlantı ilə keçirilən görüşlər indi daha xarakterikdir. Nəticədə insanlar evlərindən çıxmadan işlərini həll edirlər. Yeni həyat tərzi insanlara əlavə vaxt qazandırır. Deməli yeni qaydalara uyğun yaşamaq insanlara özlərinə daha çox vaxt ayırmaq imkanı verir və zaman çatışmazlığı problemi qismən aradan qalxır. 

Bundan başqa, əksər mağazalar elektron alış – verişə endirimlər təklif edir, nağdsız ödənişlərə əlavə bonuslar verilir və pulsuz kuryer xidmətindən yararlanmaq imkanı yaradılır. Bu isə insanlara əlavə maddi vəsait qazandırır.

Bütün bunlar vətəndaşlar üçün sürətli xidmət, vəsaitlərə qənaət və əlavə bonuslar deməkdir. Ən əsası isə vətəndaşların təhükəsizliyinin təmin edilməsidir. Yeni həyat tərzi insanlara təhlükəsizlik vəd edir. Rusiyada “Təhlükəsiz dünya uşaqların gözü ilə” adlı sərgi keçirilirdi. Sərgiyə təqdim edilən rəsmlərdən birində insanın əlləri arasında qlobus, onun içində üzündə təbəssüm olan insanlar təsvir edilmişdi. Əsərin müəllifi şəklin mənasını belə izah etmişdi: “Dünyanın təhlükəsizliyi də insanların əlindədir. İnsanların xoşbəxt olması da insanlardan asılıdır”. Rəsmdəki təsvirlər indi də aktualdır. Insanların həmrəy olması, cəmiyyətin rifahı üçün göstərdikləri fəaliyyət, sosial məsuliyyətin tələblərinə riayət etməsi gələcək nəsillərin də təhlükəsizliyini təmin edəcək.