BİZNES

07 İyul

İlham Əliyev :Vergi və gömrük büdcəyə əlavə 423 milyon manat cəlb edə biliblər

"Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq". 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.

Prezident əlavə edib ki, altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər: "Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir".