İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə danışıb. Nazir bildirib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb.
Nazir qeyd edib ki, hazırda dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmaq üçün tədbirlər həyata keçirir. Həyata keçirilən proqramlar vasitəsilə dövlət biznesə yaranmış şəraitdən daha az itkilərlə çıxmağa kömək etməyə çalışır.