İyunun 25-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə əczaçılıq sahəsində əməkdaşlığın inkişafı mövzusunda video konfrans formatında görüş keçirilib.
Fins.az AZPROMO-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya arasında əczaçılıq məhsulları, tibbi texnika, material və ləvazimatların istehsalı sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, əczaçılıq sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Eyni zamanda Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edib. Tədbirdə iqtisadi əlaqələrin genişləndirilməsi, işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müəllif:Aynur Qəniyeva