iOS 14-ün ilk beta versiyasında kənar tətbiqlər üçün çoxlu sayda məhdudlaşdırıcı proseslər ortaya çıxandan sonra bir sıra istifadəçi TikTok servisini casusluqda ittiham etdi. Bu barədə məlumatı bir neçə gün öncə yazdığımız xəbərdə qeyd etmişdik. Lakin Reddit istifadəçilərindən birinin sözlərinə əsasən TikTok məsələsində hər şey daha da bərbaddır. Belə ki, həmin istifadəçi məşhur servisin kodunu icələyəndən sonra qeyd edib ki, TikTok-un yığdığı məlumatlar bütün rekordları qırır. Bu barədə 4pda saytı xəbər verib.
Reddit-in Bangorlol ləqəbli istifadəçisi TikTok-u kodlara ayırandan və onun alqoritmini incələyəndən sonra aşkar edib ki, servis bir çox sosial şəbəkələrin yığmadıqları məlumatları yığır. İstifadəçi yığılan məlumatların siyahısını təqdim edib. Servis əsasən smartfonun prosessor modeli, onun sahib olduğu nüvələrin sayı, ekran ölçüsü, yaddaş həcmi, smartfona quraşdırılmış və ya silinmiş tətbiqlər, IP ünvan, MAC ünvan, smartfonda root və ya jailbreak-in olub-olmaması ilə bağlı məlumatları yığır. Hətta Facebook, Twitter və Instagram da daxil olmaqla bir çox digər sosial şəbəkələr bu cür məlumatları yığmırlar.
Reddit istifadəçisinin sözlərinə əsasən TikTok servisi hər 30 saniyədən bir smartfonun yerləşdiyi yerin aşkar edilməsi barəsində sorğu göndərə bilər. Uzun müddət ərzində bütün bu məlumatlar şirkət serverlərinə qorunmayan HTTP protokolu üzrə göndərilirdi. Bundan əlavə olaraq Reddit istifadəçisi onu da qeyd edib ki, istifadəçi servis tərəfindən göndərilən sorğuların sayını izləməyə bşlayan zaman TikTok həmin sorğuların sayını aşağı salır və özünü elə aparır ki, sanki smartfonun GPS və məlumatlar mübadiləsi sistemi barəsində heç zaman maraqlanmayıb. TikTok təmsilçiləri Reddit istifadəçisinin bu bəyanatlarına şərh bildirməyiblər.