Xəbər verdiyimiz kimi, ABŞ Avropadan idxal olunan bir sıra mallara 3,1 milyard dollar dəyərində əlavə rüsum təyin etməyə hazırlaşır. Ölkənin ticarət nümayəndəsinin ofisindən verilən açıqlamaya görə, Avropa Birliyindən idxal olunan 30 məhsula 100 faiz həcmində rüsum tətbiq olunacaq. Bura kofe, şokolad, alkoqollu içkilər və zeytun aiddir. Bundan əlavə, ötən ilin payızından 15-25 faiz gömrük rüsumu təyin olunmuş məhsulların rüsumları yenidən əhəmiyyətli dərəcədə artırılacaq.
Avropa Pivə İstehsalçıları Assosiasiyasının başkatibi Pyer-Olivye Berjeronun dediyinə görə, ABŞ Avropadan pivə idxalına gözlənilən rüsumları tətbiq edərsə, artıq olkəyə ixrac tamamilə dayanacaq.
Avropanın pivə istehsalçıları əlavə rüsumların alkoqolsuz məhsula aid ediləcəyini gözləyirdilər. Lakin gözləntilərin əksinə olaraq, ABŞ alkoqollu içkiyə də sanksiya tətbiq etmək qərarına gəlib. Assosiasiya rəhbərinin sözlərinə görə, bu, sektora, xüsusilə də kiçik və orta istehsalçılara görünməmiş zərbə olacaq.
Berjeron bildirir ki, ABŞ-a satış pivə ixracının 30 faizini təşkil edir. Əksər sənətkar pivə istehsalçıları öz biznesini məhz bu ölkəyə ixrac hesabına inkişaf etdirir. İri şirkətlər rüsumlardan az zərər çəkəcəklər, çünki onların demək olar ki, hamısının ABŞ-da istehsal müəssisəsi var.
Yeni tariflər cin və zeytuna da tətbiq olunacaq. Avropa Şokolad Assosisasiyasında bildiriblər ki, yeni rüsumlar ən böyük ixrac bazarının itirilməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, ötən ilin noyabrında Ümumdünya Ticarət Təşkilatı “Airbus” şirkətinə edilən subsidiyalara görə ABŞ-ın Avropa Birliyinə qarşı qaldırdığı iddianı təmin edib. Bununla da subsidiyaların əvəzində ABŞ-a Avropadan idxal olunan məhsullara 11,2 milyard dollar həcmində əlavə rüsum tətbiq etmək icazəsi verilib. Əvəzində Avropa Birliyi də “Boeing” korporasiyasına göstərilən subsidiya ilə bağlı ABŞ-dan idxal olunan məhsullara 7,5 milyard dollarlıq əlavə rüsum tətbiq olunmasına icazə verilməsi üçün ÜTT-yə müraciət edib. Təşkilatın bu iddia üzrə qərarının iyulda açıqlanacağı gözlənilir. Maraqlıdır ki, Avropa Birliyi qərarın iddianın təmin olunması olacağına əmindir. Və may ayından başlayaraq ABŞ prezidenti Donald Tramp ÜTT-ni kəskin tənqid etməkdədir. Görünür, qərarın Avropanın xeyrinə olacağını bilən Tramp ÜTT-ni hədələməklə prosesin qarşısını almağa çalışır.
(C) Musavat