BİZNES

26 İyun

TikTok öz istifadəçilərini izləmə ilə günahlandırılıb

iOS əməliyyat sistemi çox zaman smartfona quraşdırılmış tətbiqlərə qarşı özünəməxsus siyasəti səbəbilə qınaq obyektinə çevrilir. Lakin baş vermiş yeni hadisədə bu özəllik hətta faydalı olub. Belə ki, iOS 14-ün beta versiya istifadəçiləri bu özəllik sayəsində məşhur TikTok servisinin istifadəçilər üzərində casusluq etdiyini aşkar ediblər. Bu barədə Ubergizmo saytı xəbər verib. iOS əməliyyat sisteminin sonuncu versiyasında istifadəçilər üçün tətbiqlərin cihazın müxtəlif elementləri barəsində məlumatın əldə edilməsinin qadağan olunması üzrə geniş imkanlar təqdim olunub.

TikTok

Məsələn, əgər hansısa tətbiq smartfonunn GPS-dən və ya kamerasından istifadə etmək istəyirsə, sistem bu barədə istifadəçiyə bildiriş göndərir. İstifadəçi isə öz növbəsində buna razılıq və ya imtina verə bilər. iOS 14-də isə bu cür məhdudlaşdırıcı sistemlər daha çoxdur. iOS 14-ün beta versiyasını öz smartfonuna quraşdırmış TikTok istifadəçilərindən biri aşkar edib ki, bu məşhur servis tez-tez iPhone-nun mübadilə sisteminə (Clipboard - tətbiqlər arasında kopyalanma və ya köçürülmə üçün nəzərdə tutulmuş məlumatların müddətli saxlanma yeri) müraciət edir.

    Bu proses hətta istifadəçinin mübadilə sistemindən istifadə etmədiyi halda da baş verib. TikTok təmsilçiləri artıq bu məsələyə reaksiya veriblər. Onlar qeyd ediblər ki, bu, istifadəçilərin izlənməsi ilə deyil, spamlardan qorunma sisteminin iş prosesi ilə bağlıdır. Tərtibatçılar TikTok-un yeni versiyasında bu funksiyanın deaktiv ediləcəyinə söz veriblər.