Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncədə inşa edilən yaşayış kompleksində 11 yaşayış binasının 2021-ci ilin sonunadək istismara verilməsini planlaşdırır.
“Kompleksə 18 çoxmənzilli bina, məktəb, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaq”, - deyə məlumatda bildirilir.
Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.
Yaşayış kompleksi Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə tikilir.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb