BİZNES

24 İyun

2020-ci ildə Azərbaycanda televiziya və radio reklamı bazarı 30%-dək azala bilər

Audiovizual industriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır. Milli Televiziya və Radio Şurasının məlumatında bu barədə məlumat verilir. 

“Audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir. İndustriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır ki, onun yenilənməsi üzərində iş Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üçün əsas vəzifələrindəndir”, - MTRŞ-dan qeyd ediblər.

Şuranın rəyinə görə, televiziya reytinqlərinin keyfiyyətli ölçmələrinin və radio kanalların fəaliyyətinin ölçmə mexanizmlərinin ümumən olmaması da sahənin inkişafına neqativ təsir edir.

“2019-cu ildə ölkədə təsbit olunan reklam bazarının həcmi Azərbaycanda istehlak səviyyəsinə nisbətdə müqayisə olunmayacaq dərəcədə aşağı, eyni istehlak bazarı olan ölkələrlə müqayisədə isə əhəmiyyətli dərəcədə aşağıdır”, - Şuradan vurğulanıb.

Həmçinin, Şuranın gözləntilərinə görə, COVİD-19 pandemiyası nəticəsində əhalinin iqtisadi fəallığının azalması karantin tədbirlərinin davamlılığından asılı olaraq 2020-ci il üçün televiziya və radio reklamı bazarının 15%-dən 30%-dək tənəzzülü gözlənilir.

“O cümlədən, ödənişli televiziya xidməti sektorunda abonent bazasının cüzi azalması trendi müşahidə olunur. Bunun əsas səbəbləri xarici kanalların peyk antennaları vasitəsilə ödənişsiz baxılmasının geniş yayılması, sahənin tam tənzimlənməməsi səbəbindən ödənişli televiziya xidməti göstərən qeyri-leqal provayderlərin aktivliyi, ayrı-ayrı hallarda siqnalın son istifadəçiyə çatdırılmasında mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yaradılan texniki problemlərin mövcudluğudur», - Şuradan qeyd ediblər.

Məlumata görə, industriyanın ən az inkişaf etmiş seqmenti isə, serial istehsalı istisna olmaqla, müstəqil prodüser qrupları tərəfindən televiziya məzmununun istehsalıdır. “Sektorun zəif inkişafının əsas səbəbi uzun illər efir vaxtının prodüser qrupları tərəfindən alınması kimi neqativ praktikanın olmasıdır”, - Şuradan bildirilir.

Yuxarıda qeyd olunan problemlərin həlli demoqrafik və sosial-iqtisadi cəhətdən Azərbaycanla müqayisə oluna biləcək ölkələrdə sektorun inkişafının müsbət təcrübəsinin öyrənilməsinə əsaslanan operativ, kompleks və peşəkar yanaşmanı tələb edir.

“Bununla yanaşı, beynəlxalq təcrübənin tətbiqi mütləq surətdə yerli spesifikanı nəzərə alınması ilə, mərhələli şəkildə və dövlətin dəstəyi ilə həyata keçirilməlidir”, - Şuradan vurğulanır.

(c)İnterfaks Azərbaycan