BİZNES

18 İyun

Caspian European Clubun  Vüsal Hüseynovun iştirakı ilə online B2G forumu 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə təşkil olunmuş ikisaatlıq online B2G forum çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub.

Bu barədə fins.az -a  Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Caspian European Clubun üzvləri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb və ölkəmizdə “Dövlət-Özəl sektor” arasında dialoqun inkişafına öz müsbət töhfəsini verdiyini bildirib

Qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən beynəlxalq sərhədkeçmələrə tətbiq olunan məhdudiyyətlər mənşə ölkəsindən kənarda olan çox sayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxarıb. Xidmət rəisi bildirib ki, bu dövr ərzində əməkçi miqrantların həyat və sağlamlıqlarının qorunması əsas prioritet təşkil etməklə, onların olduqları təyinat ölkələrində qanuni yaşaması üçün imkanlar genişləndirilməlidir. Pandemiyaya qarşı mübarizədə özəl sektor, hökumətlər və digər maraqlı tərəflərin bu prosesdə miqrantların daha çətin vəziyyətə düşməsinin qarşısını almaq üçün birgə fəaliyyəti mühüm həmiyyətə malikdir.

Vüsal Hüseynov Azərbaycan Respublikası tərəfindən pandemiya ilə əlaqədar ölkədə qalan əcnəbilərin qanuni yaşamalarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil etmiş və fəaliyyətini mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin edilməsi istiqamətində bir sıra işlər görüb. Xidmət rəisi həyata keçirilən müvafiq məlumatların miqrantlara çatdırılmasında ticarət və biznes assosiasiyalarının rolunun vacib olduğunu qeyd edib.

Caspian European Club-un  sədri və Baş İcraçı Direktoru Telman Əliyev DMX-nin pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri diqqəti qeyd edərək klub üzvləri adından miqrasiya xidmətləri ilə bağlı fikirlərini bildirib. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Caspian European Club-un birgə işçi qrupunun ən fəal və səmərəli olduğunu da qeyd edib.

Müəllif:Aynur Qəniyeva