Avropa Birliyi Apple şirkətinə qarşı antimonopoliya istintaqına start verib.
Fins.az "Reuters"-ə istinadən xəbər verir ki, istintaq App Store platforması və Apple Pay ödəniş sistemi ilə bağlıdır. App Store məsələsində böyük rolu Spotify musiqi servisi oynayır. Belə ki, bu musiqi servisi artıq uzun müddətdir ki, Apple şirkətini vicdansız rəqabətdə günahlandırır.
Nəticədə antimonopoliya orqanının əməkdaşları 70/30 sxemi ilə maraqlanmağa başlayıb. Bu sxemə əsasən Apple şirkəti tərtibatçılardan tətbiqlərdə özünün alış-veriş sistemindən istifadəni tələb edərək 30% komissiya alır. Bununla yanaşı digər yerlərdə ucuz olan variantlar barəsində məlumatların iPhone və iPad istifadəçilərinə verilməsinin tətbiq tərtibatçılarına qadağan edən qaydalar da müşahidə olunur.
“Görünür, tətbiqlərin və kontentlərin istifadəçilər arasında yayılması məsələsinə gəldikdə Apple şirkəti idarəedici rolunu öz üzərinə götürür” - deyə antimonopoliya orqanının təmsilçilərindən biri qeyd edib.
Apple Pay ödəniş sistemində isə rəqib şirkətlərin bu sistemdən istifadəyə Apple tərəfindən qadağanın qoyulması Avropa komissiyasını narahat edir. Əgər nəticədə Apple şirkəti günahkar çıxsa, onu 26.6 milyard dollar dəyərində cərimə gözləyir.
Müəllif: Aynur Qəniyeva
