Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib.
Bu barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fins.az-a verdiyi açıqlamada məlumat verilir.
Məlumata görə, nazirlik ölkəmizin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb. Belə ki,
BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Sözügedən müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi FM radio yayım stansiyalarının, Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub.
Nazirlik açıqlayır ki, müzakirələr nəticəsində Ermənistan tərəfindən edilmiş əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib.
Bildirilir ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına tərəfimizdən edilmiş müraciətlər Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi. Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları ölkəmizin radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb olub.
Qeyd edək ki,"armeniasputnik" Ermənistan Yüksək Texnologiyalar naziri Hakob Arşakyanın Ermənistan və Azərbaycan sərhəddə radiotezliklərin "bölünməsi" barədə razılığa gəldiyi barədə məlumat yayımlamışdı.Erməni nazir "2019-cu ildə Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanla üç görüş keçirilib. Ancaq son üç görüş nəticə verdi. 134 tezliklə bağlı razılaşma əldə edildi və indi bunlar sərbəst istifadə olunur"-deyə qeyd etmişdi.
Müəllif:Aynur Qəniyeva
