BİZNES

09 İyun

Bakı pandemiya şəraitində dünyanın ən bahalı şəhərləri arasında 172-ci yeri tutub

Bakı işləyən əcnəbilər üçün dünyanın ən bahalı şəhərləri arasında172-ci yeri tutub. Bu, "Mercer" beynəlxalq konsaltinq şirkətinin reytinqində öz əksini tapıb.

Reytinqə dünyanın 209 şəhəri daxildir.

Ötən il Azərbaycan reytinqdə 178-ci yeri tutmuşdu.

2020-ci il reytinqində Honkonq ardıcıl olaraq ikinci ildir ki, çalışan əcnəbilər üçün ən bahalı şəhər statusunu qoruyur.

İkinci yerdə ötən il 7-ci yerdə qərarlaşmış Aşqabad gəlir. Tokio 2019-cu illə müqayisədə ikinci yerdən üçüncü yerə enib.

Sürix, Sinqapur, Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin də ən bahalı şəhərlərin ilk onluğuna daxil olub.

Reytinqdə son pillələri Daşkənd, Vindhok və Tunis tutur.

"Göstəricilərdə gözlənilməz dəyişikliklər, əsasən COVİD-19 pandemiyasının dünya iqtisadiyyatına təsiri ilə bağlıdır.

Reytinq dünyanın müxtəlif şəhərlərində yaşayış yeri, nəqliyyat, ərzaq, geyim, əyləncə və xidmətlərin qiymətləri əsasında hazırlanıb.

(c)İnterfaks Azərbaycan