Bir neçə müddət bundan öncə Google şirkəti məşhur YouTube servisindən nə qədər gəlir etdiyi məlumatını vermişdi. Şirkət bununla yetinməyərək digər maliyyə göstəricilərini də sərgiləyib. Belə ki, şirkətin Android və Chrome OS əməliyyat sistemlərindən cavabdeh olan və Google şirkətinin vitse prezidenti vəzifəsində çıxış edən Hiroshi Lockheimer şirkətin Android tərtibatçılara nə qədər vəsait ödədiyini açıqlayıb.
Bu barədə 9to5google saytı xəbər verib. Hiroshi Lockheimer bildirib ki, Google Play online mağazasının mövcud olduğu vaxtdan indiyənə kimi Google şirkəti ümumilikdə Android tərtibatçılarına 80 milyard dollardan çox vəsait ödəyib. Qeyd etmək lazımdır ki, Apple şirkəti hələ 2018-ci ildə bu göstəricinin 100 milyard dolları keçdiyini elan etmişdi.
iOS əməliyyat sistemində çalışan cihazların Android-də çalışan cihazlardan az olduğunu nəzərə alsaq, Google şirkətinin bu göstəricisi çox təəccübləndirir. Onu da qeyd etmək lazımdır ki, Google şirkətinin hər alışda 30% dəyərində komissiya götürməsi olmasaydı Android tərtibatçılarının gəlirləri daha yüksək ola bilərdi. Bu halda göstərici 114 milyard dollar təşkil edə bilərdi.