BİZNES

10 Fevral

Ekspert: "BTQ Orta Asiya ölkələrinə daha etibarlı dəhlizlə Avropa bazarına çıxış imkanı yaradır"

Azərbaycan son bir neçə ildə tranzit imkanlarının artırılması istiqamətində mühüm addımlar atır.

Bu istiqamətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istismara verilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda bu layihənin reallaşması hansı iqtisadi və strateji nəticələr doğurub və Azərbaycana nə vəd edir?

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə bildirib ki, BTQ-yə Qərb-Şərq arasındakı yükdaşımalardan Azərbaycanın da əhəmiyyətli miqdarda tranzit payı almasını təmin edəcək infrastrukturun önəmli bir parçası kimi baxmaq lazımdır:

“Hər şeydən əvvəl BTQ Pekindən Londona qədər fasiləsiz yük və sərnişindaşımanı nəzərdə tutan və bəzən obrazlı şəkildə “Dəmir İpəkyolu” adlandırılan nəqliyyat xəttinin bir parçası idi və tamamlanmaqla bu xəttin reallığa çevrilmə ehtimalını daha da artırdı. Bu, Orta Asiyanın türk respublikalarına daha etibarlı dəhlizlə Avropa bazarına çıxış imkanı yaradır. Bundan başqa, Rusiyanın cənub bölgələrinin, İranın isə şimal bölgələrinin Gürcüstan, Türkiyə və Avropa bazarlarına daha əlverişli yolla çıxışını təmin etməklə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə inteqrasiya imkanlarına malikdir. BTQ Gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də tamamlanmasından sonra Bakı ilə Naxçıvan arasında birbaşa dəmiryolu əlaqəsinin qurulmasına imkan yaradır".

Ekspert bu dəmir yolu xəttinin Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının bir-birinə inteqrasiyası üçün böyük imkanlar açdığını diqqətə çatdırıb: "Belə ki, nəqliyyat infrastrukturunun mövcudluğu ölkələr arasında iqtisadi inteqrasiyanın ilkin şərtlərindəndir. BTQ ilə hər üç ölkənin dəmiryolu şəbəkələri bir-birinə birləşib. Bu, gələcəkdə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. İndi bu xətt ilə Azərbaycandan neft-kimya sektoru məhsullarının Türkiyənin İzmir, İskəndərun kimi önəmli şəhərlərinə daşındığının şahid oluruq. Gələcəkdə digər məhsulların da daşınması nəzərdə tutulur".

Ekspert: BTQ Orta Asiya ölkələrinə daha etibarlı dəhlizlə Avropa bazarına çıxış imkanı yaradır

Onun sözlərinə görə, BTQ ilə sərnişin daşınmasına başladıqdan sonra ölkələr arasında turist dövriyyəsi də artacaq, cəmiyyətlər bir-birinə daha da yaxınlaşacaq: "Türkiyənin şərq hissələrində Azərbaycanı, Bakını görmək istəyən, əlaqə qurmaq istəyən insanların sayı olduqca çoxdur. Ancaq bu insanlar hazırda ya İstanbul, ya Ankara, ya da Naxçıvan üzərindən hava yolu ilə bu arzularını reallaşdıra bilirlər. BTQ bu insanların birbaşa dəmiryolu vasitəsilə Bakı, Gəncə və digər şəhərlərimizlə əlaqəsini quracaq. Bir sözlə, BTQ ilə hər üç ölkə arasında həm insan, həm yük daşınacaq, həm də mədəniyyət mübadiləsi aparılacaq".

"Bildiyiniz kimi, hazırda BTQ potensialının altında fəaliyyət göstərir. Çünki xəttin tamamlanmasından elə də çox vaxt keçməyib. Bu xəttin gələcəkdə nə qədər səmərəli olacağı, cəlb edə biləcəyi tranzit yüklərin həcmindən asılı olacaq. Orta Asiya ölkələri bu xətdən istifadədə maraqlıdır. Hətta verilən məlumatlar göstərir ki, Qazaxıstan bu istiqamətdə real addımlar atmağa başlayıb. Eyni zamanda Çin BTQ-nin keçdiyi dəhlizi Kəmər və Yol Təşəbbüsünün 6 əsas dəhlizindən birinə əlavə edib. Türkiyə Qafqaz, Orta Asiya və Çin ilə ticarət əlaqələrində bu xəttdən geniş istifadədə maraqlıdır. Bütün bunlar BTQ-nin perspektivinin yaxşı olacağına işarədir və nəticə olaraq Azərbaycanın iqtisadi və strateji maraqlarına xidmət edir", - Elşən Bağırzadə deyib.

O diqqətə çatdırıb ki, BTQ-lə 2018-ci illə müqayisədə 2019-cu ildə daşınan yük miqdarı 3 dəfə artıb: "Göründüyü kimi, trend müsbətdir. Yükdaşımaların və hərəkət intensivliyinin artması dəmir yolu infrastrukturuna sərmayələrin davamlı olmasını labüd edir. Bu xəttin rəqabətliliyi infrastrukturun effektivliyindən çox asılıdır. Nəqliyyat həm də sürətli və keyfiyyətli olmalıdır.

Ekspert: BTQ Orta Asiya ölkələrinə daha etibarlı dəhlizlə Avropa bazarına çıxış imkanı yaradır

Eyni zamanda bu xəttin qoşulduğu digər xətlər də investisiyalar tələb edir. Bütün bunlar dəhlizin modernliyini qorumaq üçün zaman-zaman yeni investisiyaları qaçılmaz edəcək. Gələcəkdə BTQ-nin rəqabətliliyinin artırılmasında tariflərdən daha çox ticarəti asanlaşdıran siyasət rol oynayacaq. Müqayisəli tədqiqatlar onu göstərir ki, bu dəhlizdə ticarəti asanlaşdıran siyasətin daha da dərinləşdirilməsinə ehtiyac var. Bütövlükdə, onu nəzərə almaq lazımdır ki, BTQ həm Azərbaycan, həm də bölgə ölkələri üçün yeni alternativ imkan yaradıb. Alternativlərin olması həmişə iqtisadi inkişaf baxımından əhəmiyyətlidir”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.