BİZNES

16 Yanvar

Startap şəhadətnamələrinin verilməsinə tələb olunan əsas meyarlar AÇIQLANIB

Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə tələb olunan əsas meyarlar açıqlanıb.

Fins.az xəbər verir ki, bunu  2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib

O, qeyd edib ki, "Əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

Öz növbəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, bu meyarların razılaşdırılması kifayət qədər uzun və məsuliyyətli proses oldu. “Meyarlar o formatda hazırlanmalı idi ki, burada bir tərəfdən innovativ fəaliyyət üçün güzəştlər tətbiq edilsin, digər tərəfdən isə vergi güzəşti suistifadə elementinə çevrilməsin və ədalətsiz rəqabətə gətirib çıxarmasın. Biz kifayət qədər əminik ki, qəbul olan müvafiq qanunvericilik çərçivəsi bizə bu imkanı verir. Növbəti məsuliyyət zonamız inzibatçılığıdır və biz inanırıq ki bu sahədə də bizim bilik, bacarığımız, resurs və istəyimiz mövcuddur”, - deyə M. Cabbarov qeyd edib.